
Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu gün Beynəlxalq Mətbuat Mərkəzində “www.iravan.az “ internet jurnalının ingilis versiyasının təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, Birliyin İdarə heyətinin rəhbəri Vüsalə Hüseynli bildirib ki, keçən il yaradılan İrəvan onlayın jurnalının fəaliyyətində əsas məqsəd Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və millətimizin 4 dəfə öz doğma yurdundan deportasiya olunması, tariximizin süni yollarla saxtalaşdırılması, mədəniyyətimizin mənimsənilməsi faktlarının dünyaya çatdırılmasıdır. Keçən il Azərbaycan və rus dillərində fəaliyyət göstərən jurnala bu il ingilis dilində versiyası da əlavə edilib: “Növbəti illərdə saytın daha bir neçə xarici dildə fəaliyyəti nəzərdə tutulur. Jurnalının nəşri üçün də müəyyən hazırlıqlara başlanılıb”.
Konstitusiya Araşdırmalar Birliyinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirib ki, belə bir saytın bir neçə dildə fəaliyyət göstərməsi təqdirəlayiqdir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov da irəvan.az saytının fəaliyyətini yüksək qiymətləndirib.
Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Rəhimoğlu qeyd edib ki, İrəvan adı ilə bağlı olan hər şey brenddir.
“Sputnik” İnformasiya Agentliyinin əməkdaşı Ülkər Abdullayeva sayt yaratmağın ağır iş olduğunu vurğulayaraq, bu istiqamətdə aparılan işlərin təqdirəlayiq olduğunu söyləyib.
İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə saytın gələcəkdə daha da təkmilləşməsinin önəmli olduğunu vurğulayıb.
Humanitar Tədqiqatlar İctimai Birliyinin direktoru Əvəz Həsənov gələcəkdə İrəvanın 3D formatlı maketinin yığılaraq, jurnalın gənc istifadəçilərinə təqdim edilə biləcəyini deyib.
|