
“Yuventus”un sabiq qapıçısı Stefano Takkoni Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə “Real”a qarşı keçirilmiş oyunun hakimi Maykl Oliveri tənqid edib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Canluci Buffonun hakimə qarşı daha sərt addım atmalı olduğunu düşünür:
“Buffonun yerində olsaydım, hakimi vurardım. Bu, əla karyeranın möhtəşəm sonluğu olardı. Oyunun 95-ci dəqiqəsində belə penalti vermək olmaz. Nəzərə almaq lazımdır ki, elə vaxtda hamı psixoloji gərginlikdə olur.
Pyerluici Kollina UEFA-da hakim təyinatını düzgün aparmır. 2000-ci ildə keçirilən “Yuventus” - “Peruca” oyununda Kollinanın özü kimi, dünənki matçın hakimi də satılmışdı. Hakim təyinatlarını həyata keçirən şəxsi üç ildən bir dəyişmək lazımdır”.
Xatırladaq ki, 95-ci dəqiqədə hakimin təyin etdiyi penaltini qola çevirən “Real” ümumi nəticədə 4:3 hesablı qələbə qazanaraq “Yuventus”u mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
|