Azərbaycan və Qazaxıstan neft-qaz nəqli ilə bağlı işçi qrupları yaradır
Rəsmi Bakı və Astana Qazaxıstan neftinin və qazının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması üçün işçi qrupları yaradacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasından sonra təşkil olunan brifinqdə qonşu ölkənin energetika naziri Kanat Bozumbayev bildirib.
"Qazaxıstan qazının hasilat həcmi getdikcə artacaq və ixrac marşrutu kimi Azərbaycan nəzərdən keçirilir. Biz Qazaxıstanın qərbində LNG zavodunun tikintisini bir variant kimi nəzərdən keçiririk. Buradan qaz Azərbaycan üzərindən dünya bazarlarına çıxarılacaq", - deyə qazaxıstanlı nazir bildirib.
Onun sözlərinə görə, yeni yaradılacaq işçi qrupunun tərkibində hər iki ölkənin müvafiq dövlət qurumlarının rəsmiləri daxil ediləcək. "İşçi qrupu qarşıdan gələn aylar ərzində layihəni detallı şəkildə öyrənəcək və bizə məruzə edəcək", - deyə nazir vurğulayıb.
K.Bozumbayev deyib ki, digər işçi qrupu Qazaxıstan neftinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılmasının rəqabətqabiliyyətliliyini öyrənəcək.

Xəbər 73 dəfə oxundu.