Azərbaycan Nyu-Yorkda keçirilən film festivalında təmsil olunur
Azərbaycan Nyu-Yorkda keçirilən “Bronx World Cinema” festivalında iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun “Debüt” studiyasında lentə aldığı “Eliza” filmi təmsil edir.
Filmin bədii rəhbəri xalq artisti Eldar Quliyev, ssenari müəllifi Yelena Andreyeva, operatoru Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı Elşən Bağırovdur. Ekran əsərində Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb.
Filmin subtitrlərinin yazılmasında festivalın təşkilat komitəsi köməklik göstərib.
2011-ci ildən fəaliyyətə başlayan “Bronx World Cinema” festivalı dünya kinosunun təbliğinə xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada nümayiş etdirmək festivalın əsas məqsədlərindən biridir.

Xəbər 135 dəfə oxundu.