Tokioda keçiriləcək olimpiada ilə bağlı böyük mədəniyyət və incəsənət festivalı da təşkil olunacaq
Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları elan ediblər ki, Olimpiada ilində, həmçinin 6 ay davam edəcəyi nəzərdə tutulan mədəniyyət və incəsənət festivalının təşkili də planlaşdırılır. Bu festival məhz həmin oyunlara həsr ediləcək.
“Nippon 2020” adlanacaq həmin festivalın cari ildən başlayaraq oyunlar ərəfəsində bütün ölkədə təşkil edilən mədəniyyət tədbirləri silsiləsinin kulminasiya nöqtəsi olacağı bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən təşkilat komitəsinin üzvləri festivalın aprel və sentyabr aylarında Tokioda və digər yerlərdə əsasən dörd mövzuda keçiriləcəyini qeyd ediblər.
Həmin mövzulardan biri 2011-ci il zəlzələsinin və sunaminin böyük ziyan vurduğu Yaponiyanın şimal-şərqində yerləşən Tohoku regionunun bərpasının dəstəklənməsinə yönələcək.
Festival çərçivəsində apreldə Tokioda kabuki teatrının tanınmış aktyoru İşikava Ebizonun və məşhur opera müğənnisi Plasido Dominqonun iştirakı ilə musiqili tədbirin keçirilməsi planlaşdırılır ki, bu da kabuki və opera sənətinin sintezi olacaq.

Xəbər 408 dəfə oxundu.