İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 İYUN
12:30 Bayram gününə olan hava proqnozu açıqlanıb
12:18 “Formula 1“ qonaqlarına Tarkandan möhtəşəm şou
12:06 Konfederasiyalar Kubokunun ən yaxşısı - Akinfeyev
11:56 “Şaxtyor“un qapıçısı rəsmən “Qarabağ“da
11:47 Rusiya telekanalı: “Bakıdakı “Formula-1“ fantastikdir“
11:36 İmişli-Beyləqan magistral yolunda qəza olub, bir nəfər ölüb, üçü yaralanıb
11:27 Hidrokolonoterapiya nədir?
11:15 Nazir: “Azərbaycan əsgəri torpaqlarını azad etməyə qadir olduğunu bütün dünyaya sübut etdi“
11:07 Beyləqanda iki maşın toqquşub, bir nəfər ölüb
10:58 Tanınmış futbolçu karyerasını bitirib
10:45 Mahir Məmmədov: “Azərbaycan Gürcüstanda tikiləcək yeraltı qaz anbarının tenderində iştirak edəcək”
10:36 Ərdoğan: “Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir”
10:26 Dünya birjalarında neft bahalaşıb
10:14 Günün qoroskopu
10:04 Atəşkəs pozulub
23 İYUN
15:10 Prezident: “Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır“
14:56 Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Almaniyada səfərdə olub
14:45 Kolleclərə qəbul olmaq istəyənlər üçün balların hesablanma qaydası açıqlanıb
14:28 Bakıda Azərbaycan və Kosta Rika xarici işlər nazirləri arasında görüş keçirilib
14:14 Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq
14:00 Nəqliyyat və telekommunikasiya qurumları gücləndirilmiş iş rejiminə keçir
13:48 Nazir: “Əmək pensiyaları haqqında“ qanunun tətbiqində problem olmayacaq“
13:32 Nigar Camal filmə çəkilir
13:17 Nazirlik: Publik hüquqi şəxs statusunun verilməsi ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq
13:05 “Formula-1”: Bu gün Azərbaycan Qran-prisi start götürür
12:52 Ramazan tətili başlayır
12:40 Azərbaycan prezidenti Daxili Qoşunların Şirvandakı hərbi hissəsinin açılışında iştirak edib
12:21 Azərbaycan Ordusunun şərəfinə yeni medal təsis olunur
12:02 Muarem Muarem Türkiyə klubunda
11:53 Prezident İlham Əliyev Şirvan şəhərinə səfər edib
11:43 Xalq artisti Flora Kərimova əməliyyat olunub
11:34 iravan.az online jurnalının ingilis dili variantı təqdim olunub
11:28 Vanil yağının faydaları
11:12 Salah “Liverpul“un futbolçusu oldu
11:00 Qaradağ rayonunda 6 otaqlı evdə yanğın olub
10:48 Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır
10:36 IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir
10:26 Dünya birjalarında neft bahalaşıb
22 İYUN
16:31 “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb
16:27 “Barselona” Dembele ilə anlaşıb

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (189448)
2 Qırışlar üçün maskalar (188343)
3 Dəri ağardıcı maskalar (125839)
4 Saçlar üçün çaytikanı yağı ilə maskalar (88279)
5 Qozun faydaları (88227)

Azərbaycan milli-tarixi faciələri


Ağdam

İşğal olunmuşdur – 1993-cü il 23 iyul
Ərazisi  – 1154 kv.km
Əhalinin sayı  – 158000
Şəhid olmuşdur  – 538.
Əlil olmuşdur  – 587
Milli qəhrəmanlar  – 17

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Sənaye və tikinti obyekti  – 48
Mədəni-məişət obyekti  – 598
Qəsəbə və kənd  – 122
Tarixi abidə  – 27
Dövlət dram teatrı

   Ağdam rayonu Azərbaycan respublikasında inzibati rayondur. 1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbindədir. Sahəsi  – 1094 kv.km, əhalisi  – 101.6 min nəfərdir. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir.
   Ağdam rayonunun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub-qərbdən şimal-şərqə doğru tədricən alçalır. Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır. Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var. İqlimi, əsasən mülayim isti və quraq subtropikdir.
   Əhalisinin orta sıxlığı 1 kv.km-də 92.9 nəfərdir. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir.
   Ağdam rayonu yeni yaradılmış olan ağır, yeyinti, yüngül sənaye və inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur.
   Ağdam rayonu ərazisindən Yevlax-Laçın-Naxçıvan, Ağdərə-Füzuli magistral şose yolları keçir.
   Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 89 ümumtəhsil məktəbində (16 ibtidai, 36 səkkizillik, 37 orta) 30 086; 4 fəhlə-gənclər; 1 qiyabi orta; 2 kəndli-gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində (kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri) 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi.
  Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr ) rayonun ən qədim memarlıq abidələridir. Papravənd kəndində 18-ci əsrə aid 2 türbə, məscid və s. var.
 


Cəbrayıl

 İşğal olunmuşdur  – 1993-cü il 23 avqust
 Ərazisi  – 1050 kv.km
 Əhalinin sayı  – 52049
 Şəhid olmuşdur  – 347
 Əlil olmuşdur  – 172
 Milli qəhrəmanlar  – 4

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Mədəni-məişət obyekti  – 197
Qəsəbə və kənd  – 90
Tarixi abidə  – 27

   Azərbaycanda inzibati rayon, 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 kv.km, əhalisi 45,8 min nəfər. Rayonda 1 şəhər, 77 kənd və qəsəbə var. Mərkəzi Cəbrayıl şəhəridir.
    Səthi, əsasən, maili düzənlik, şimalda alçaq dağlıqdır. Dağlıq hissədə Təbaşir, düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. İqlimi ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim-istidir. Orta temperatur yanvarda 0-2ºC, iyulda 24-25ºC-dir. İllik yağıntı 400-500 mm. Çayları qısa və müvəqqəti axarlıdır; r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr var. Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və s.
   Orta sıxlıq 1 kv.km-də 43,6 nəfərdir. İri yaşayış məntəqələri Cəbrayıl şəhəri, Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand kəndləridir.
   İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur. 14 kolxoz və 7 sovxoz var. Meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir. Kökəltmə birliyi yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Üzüm emalı və çörək zavodları, kənd təsərrüfatı texnikası təmiri müəssisəsi, elektrik şəbəkəsi, xalça emalatxanası və s. var idi.
   Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana var idi.
   Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr (19 əsr), Şıxlar kəndində dairəvi türbə (14 əsr), Xudafərin körpüsü və s. mühafizə olunmuşdur.


Füzuli

 İşğal olunmuşdur  – 1993-cü il 23 avqust
 Ərazisi  – 1112 kv.km
 Əhalinin sayı  – 95940
 Şəhid olmuşdur  – 528
 Əlil olmuşdur  – 1309
 Milli qəhrəmanlar  – 6

 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Mədəni-məişət obyekti  – 145
Qəsəbə və kənd  – 54
Tarixi abidə  – 15

   Azərbaycan inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 kv.km, əhalisi 80,2 min. Rayonda 2 şəhər, 71 kənd və qəsəbə var. Mərkəzi Fizuli şəhəridir.
   Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır. Əsasən, Neogen çöküntüləri yayılmışdır. İqlimi şərq hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissədə yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0,1ºC, iyulda 24-25ºC-dir. İllik yağıntı 400-600 mm. Çayları (Köndələnçay, Quruçay, Qozluçay) r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən, yarımsəhra tiplidir. Heyvanları: oxlu kirpi, qumsiçanı, tarla siçanı və s. Quşlardan turac, qırqovul, göyərçin və s. var.
   Orta sıxlıq 1 kv.km-də 58 nəfərdir.

   Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir.
   Füzuli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Əsas sahələri üzümçülük, taxılçılıq və heyvandarlıqdır. 15 kolxoz, 26 sovxoz var idi. Rayonda su anbarları yaradılmış, suvarma kanalları yaradılmışdır. Qaramal kökəltmə və qoyunçuluq birlikləri yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur.
   Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı, 17 kinoqurğu fəaliyyət göstərirdi.
   Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Şəhərdə Hacı Ələkbər məscidi (19 əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi(1682), karvansara(1684), türbə(18 əsr) və s. qalmışdır.

 
Kəlbəcər

 İşğal olunmuşdur  – 1993-cü il 2 aprel
 Ərazisi  – 1936 kv.km
 Əhalisinin sayı  – 55000
 Şəhid olmuşdur  – 217
 Əlil olmuşdur  – 49
 Milli qəhrəmanlar  – 2

 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
 Sənaye və tikinti obyekti  – 29
 Mədəni – məişət obyekti  – 134
 Qəsəbə və kənd  – 132
 Tarixi abidə  – 87

     Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 kv.km, əhalisi 40,3 min nəfər idi. Rayon ərazisini 1 şəhər, 1 şəhər tipli qəsəbə 122 kənd təşkil edirdi. Mərkəzi Kəlbəcər şəhəri idi. Rayonda 2 məktəbəqədər müəssisədə 70 uşaq tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min, yeddiillik musiqi məktəbində 125 şagird təhsil almışdır. Rayonda 9 mədəniyyət evi, 27 klub, 55 kitabxana, 17 kinoteatr fəaliyyət göstərirdi.
   Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı XIII-XVIII əsrlərin yadigarı olan Xotavəng məbədi qalmışdır.
   Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək zirvələri hündürlüyü 3724 m olan Gamış dağları və 3616 m olan Dəlidağdır. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə (Şorbulaq, Ağyataq), mineral sular (İstisu, Bağırsaq), tikinti materialları və s. ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi tipləri hakimdir. Ən böyük çayı Tərtər və onun qolları – Lev çayı, Tutqunçay və s. dir. Bazarçay isə Kəlbəcər rayonunun ərazisindən başlanır. Ala göllər və Zalxa gölü də rayonun ərazisində yerləşir. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Rayonun mərkəzində və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrin ümumi sahəsi 28,2 min ha-dır. Təbiəti qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular, qartal kimi heyvan və quşlarla zəngindir. Azərbaycan Kəlbəcər Rayon Komitəsi və Rayon Xalq Deputatları Sovetinin orqanı "Yenilik" qəzeti 1934 ildən çıxır (1965 ilədək "Qızıl maldar" adı ilə nəşr olunmuşdur). Yerli radio verilişləri redaksiyası 1965 ildən fəaliyyət göstərir. Rayonda televiziya verilişlərinə baxırlar. Rayonda 300 çarpayılıq 7 xəstəxana 25 feldşer-mama məntəqəsi sanitariya epidemioloji, 49 həkim, 205 orta tibb işçisi var.


Qubadlı

 İşğal olunmuşdur  – 1993-cü il 31 avqust
 Ərazisi  – 826 kv.km
 Əhalinin sayı  – 33800
 Şəhid olmuşdur 
– 232
 Əlil olmuşdur  – 146

 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
 Mədəni-məişət obyekti  – 205
 Qəsəbə və kənd -  94
 Tarixi abidə  – 12

   Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.
   802 kv.km ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
   Qubadlının 33629 hektar kənd təsərrüfatına yararlı torpaqları vardı. 13958 hektarı əkinə yararlı hesab olunurdu. 1365 hektar sahədə çoxillik bitkilər əkilirdi. 18,6 min hektar otlaqların 0,6 hektarını biçənəklər təşkil edirdi. 4825 hektar sahədə suvarma işləri aparılırdı. 850 hektar çoxillik əkmələr sahəsi mövcud idi ki, bunun da 114 hektarını bağlar, 468 hektarını üzümlüklər təşkil edirdi. Tut bağlarının ümumi sahəsi 268 hektar idi. 543 hektar həyətyanı torpaq sahələrinin payına düşürdü. Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275 hektarı yol, tikinti və s. altında qalan torpaqlar idi. 13,2 min hektar təbii meşə sahəsi var idi. 1969-cu ildən həmin sahədə Dövlət yasaqlığı yaradılmışdı.
   Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq Qarabağın Hadrut rayonu ( hal-hazırda bu inzibati rayon ləğv olunub) ilə 42 km-lik sərhəd zolağı vardı. Eyni zamanda Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlının iqtisadiyyatının əsasını işğala qədər taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir. 31 süd-əmtəə ferması mövcud olmuşdur ki, onun da 27-si tam mexanikləşdirilmiş vəziyyətdə idi. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları Yağ-pendir zavodunda emal olunurdu.
   Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsulları ilə təmin edirdi. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.
   İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.
   Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət , 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücü ilə işləyirdi.
   Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi.
   Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemiologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.
   Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı.
   Bütün bunlardan əlavə, aşağıda göstərilənlər də erməni işğalçıları tərəfindən qarət olunmuşdur   

 • Taxıl məhsulu – 7352 ton
 • Tütün məhsulu – 1556 ton
 • Bostan məhsulu – 80 ton
 • Kartof – 104 ton
 • Çuğundur – 30 ton
 • Yem məhsulları – 6670 ton
 • İribuynuzlu mal-qara – 7160 baş
 • Xırda buynuzlu davar – 27231 baş
 • Traktorlar – 234 ədəd
 • Avtomaşınlar – 100 ədəd
 • Taxılyığan kombaynlar – 62 ədəd
 • Süfrə üzüm şərabı xammalı – 130 min dekalitr
 • Barama məhsulu – 14,4 ton


   Eyni zamanda binalar, qurğular, çoxillik əkmələr, texnikalar, inventar və ehtiyat hissələri, neft məhsulları da buraya daxildir.
   4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalmışdır.

 
 Qubadlı rayonunun təbiəti

   Rayonun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2010 m, Pirdağ – 1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı – 1277 m) və Qarabağyaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ( Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir .Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var. İqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə – 4 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400-600 mm-dir. Çayları Bazarçay, Həkəri və onların qollarıdır( Kiçik Həkəri, Meydandərəsi və s ); bunlardan suvarmada istifadə edilir. Rayonda, əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir .Dağ meşələri (fıstıq, palıd, vələs və s ) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.


 Kəlbəcər-Qubadlı iqtisadi rayonu

   Relyefi əsəsən dağlıqdır. Ərazisi şm-q-də Şərqi Göyçə, şm-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır. Cənub-şərq hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.


Laçın

 İşğal olunmuşdur  – 1992-ci il 18 may
 Ərazisi 
– 1875 kv.km
 Əhalinin sayı  – 60000
 Şəhid olmuşdur  – 259
 Əlil olmuşdur  – 225
 Milli qəhrəmanlar  – 6

 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
 Mədəni-məişət obyekti  – 575
 Qəsəbə və kənd  – 26
 Şəhər, qəsəbə və kənd  – 10
 Tarixi abidə  – 12

   Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon qərbdən Ermənistan ilə həmsərhəddir. Sahəsi 1835 kv.km, əhalisi 51 mindir. Rayonda 1 şəhər, 120 kənd var. Mərkəzi Laçın şəhəridir.
   Təbiət.  Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Rayonun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Rayonda yura-antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: müxtəlif tikinti materialları və s. Narzan tipli mineral bulaqlar var. Ərazinin çox yerində qışı quraq keçən mülayim-isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-100°C-dək, iyunda 10-220°C-dir. İllik yağıntı 600-900 mm. Rayonun əsas çayı Həkəridir. Əsasən, çimli dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Alçaq dağlıq yerlərdə seyrək ardıc meşələri var. Meşələrin ümumi sahəsi 33,3 min ha-dır.
   Heyvanları:  qayakeçisi, cüyür, çöldonuzu, sincab, süleysin, çölsiçanı və s. Rayonun yasaqlığı (Laçın yasaqlığı) var.
   Əhali:  Orta sıxlıq 1 kv.km-da 27,8 nəfərdir (1981). Ən iri yaşayış məntəqəsi Laçın şəhəridir.

   Təsərrüfatı.  İqtisadiyyatında heyvandarlıq əsas yer tutur. 23 sovxoz var idi (1981). Kənd təsərrüfatına yararlı torpaqlar 76 min ha-dır (1980); bunun 11,1 min ha-ı şum yeri, 0,3 min ha-ı çoxillik bitkilər, 2,7 min ha-ı dincə qoyulmuş torpaqlar, 5,2 min ha-ı biçənəklər, 56,7 min ha-ı otlaqlardır. 10 min ha əkin sahəsinin 33%-də dənli və dənli paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilir (1981). 46,2 min qara mal (o, cümlədən 14,9 min inək və camış), 205,9 min davar var idi (1981). Kökəltmə birliyi yaradılmışdır. R-da yağ-pendir, məişət xidməti kombinatları, asfalt-beton, çörək, süd zavodları, Respublikanın Dövlət K.T. İstehsal-Texniki Təminat Komitəsinin şöbəsi, meşə təsərrüfatı var idi.
   Nəqliyyat.  Avtomobil yolları ilədir. Yevlax-Naxcıvan avtomobil yolu rayonun ərazisindən keçir.
   Mədəni quruculuq və səhiyyə. Rayonda məktəbəqədər müəssisədə 93 uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta məktəbdə 14400, həmçinin 1 kənd məktəbində 252 şagird təhsil alırdı. Rayonda 54 klub müəssisəsi, 67 kitabxana (310 min kitab) 34 kinoqurğu fəaliyyət göstərirdi. Memarlıq abidələrindən Hocaz k-də mağara-məbəd, Cimcimli k-ndə Məlikəjdər türbəsi, Zeyvə k-də Kafir qalası, Sultan Baba türbəsi, Şeyx Əhməd türbəsi, Qırışqıraq k-də məscid, Hüsürlü k-də Həmzə Sultan sarayı, Həkəri çayı üzərində körpü, Ağoğlan çayı üzərində məbəd, Güləbird k-də türbə qalmışdır. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji st., 52 həkim, 287 orta tibb işçisi var idi.


Şuşa

 İşğal olunmuşdur  – 1992-ci il 8 may
 Ərazisi  – 289 kv.km
 Əhalinin sayı  – 24900
 Şəhid olmuşdur  – 193
 Əlil olmuşdur  – 102
 Milli qəhrəmanlar  – 5

 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
 Sənaye və tikinti obyekti  – 27
 Mədəni-məişət obyekti  – 103
 Şəhər, qəsəbə və kənd  – 31
 Tarixi abidə və muzeylər  – 249
 Tarixi abidə  – 17

 Şuşa qəzası

   Çar hökumətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vil-nin tərkibində yaradılmışdır (1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846 ildən Bakı, 1867 ildən isə Yelizavetpol qub-na daxil edilmişdi. Şuşa qəzası Mehri, Kəbirli, Zəngəzur, Cavanşir, Çiləbörd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Sahəsi 4911 kv.km , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərrüfatında əkinçilik, maldarlıq, ipəkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.

  Şuşa rayonu

   1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Xankəndi (Stepanakert) rayonuna (1978-ci ildən Əsgəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur. Sahəsi 289 kv.km. Əhalisi 19,0 min (1987, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var.

  Təbiəti.   Səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs d.-dir (2725 m). Keçəldağ aşırımı Şuşa qəzasındadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif nov tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim-isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda – 4-dən – 10°C-yə qədər, iyulda 16-190°C-dir. İllik yağıntı 700-800 mm. Rayondan Qarqar çayı axır. Torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Ərazinin 20%-ə qədəri meşədir (fıstıq və s.). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz dovşan, cüyür və s. Quşlardan kəklik, göyərçin var.

  Əhali.  Orta sıxlığı 1 kv.km-də 63,3 nəfərdir. İri yaşayış məntəqələri Şuşa ş., Malıbəyli və Daşaltı kəndləridir.

 Təsərrüfat.  Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur. 5 s-z var. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha-dır. 3,4 min ha əkin sahəsinin 41% -ə dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunur. 5,2 min qara-mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunur. Şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 N-li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, kənd təsərrüfatı texnikası təmiri müəssisəsi və s. var. Kurort təsərrüfatı inkişaf etmişdir. Yevlax-Naxcıvan avtomobil yolu və qaz kəməri Şuşa r.-ndan keçir.



Xocalı

 İşğal olunmuşdur - 1992-ci il 26 fevral
 Ərazisi  - 970 kv.km
 Əhalinin sayı  - 11567
 Şəhid olmuşdur - 613.
 Əlil olmuşdur - 657
 Milli qəhrəmanlar -  10

 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
 Sənaye və tikinti obyekti - 29
 Mədəni-məişət obyekti - 80


 Xocalı faciəsi

    Azərbaycan xalqının öz torpaqları uğrunda erməni işğalçılarına qarşı mübarizəsində bir sox faciələr olmuşdur (1905, 1918-20 və 1988-1993-ci illərdə). Bunlardan ən qanlılarından biri də Xocalıdır.
   Xocalı Azərbaycan kəndi olub Ağdam-Şuşa, Xankəndi-Əsgəran yollarında strateji əhəmiyyətə malik idi həm də Qarabağda yeganə aeroport idi.
   Axır vaxtlar buraya Fərqanədən mesxet türkləri, Ermənistandansa azərbaycanlı qaçqınları yerləşdirilmişdi. Bundan sonra o şəhər statusunu almışdı. 1992-ci ilin fevralında Xocalı 3 bir tərəfdən erməni terrorçuları, və keçmiş Sovet Ordusunun 366-cı motoatıcı diviziyası vasitəsilə mühasirəyə alınmışdı.
   25 fevralın axşamında şəhərin artilleriya silahlardan güllənməsi başlandı, şəhərə ağır texnika tanklar, BTR, BMP-lər yeridildi, şəhər büsbütün alov içərisində idi. Döyüşçülərimiz əhali ilə birlikdə gecə saat 2-yə kimi bacardıqları kimi döyüşmüş, sonra isə geri çəkilməyə məcbur olmuşlar. Şaxtalı gecədə əhali məcburən çayı keçmiş və sonradan böyük bir hissəsi donma nəticəsində həlak olmuşlar. Bundan sonra isə silahsız əhalini silahlı erməni terroristləri gözləyirdilər. Yollarda və meşədə çoxlu əhali qırılıb güllənir. Sağ qalanlar isə əsir götürülür.
   Bu cür, 1992-ci il Fevralın 25-dən 26-na keçən gecə Xocalılar üçün əsil faciə olmuşdur. Onlar böyük itkilər vermişlər: 613 adam vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götürülmüşdür. Öldürülənlər içərisində 106 qadın, 83 uşaq olmuşdur ki bu da erməni terroristlərinin nə qədər qan içən vəhşi olduqlarını göstərir.
   Qoy bütün dünya bunu bilsin ki, erməni terroristləri Xocalıda görünməmiş soyqırımı törətmişlər. Bu şəhəri yer üzündən silmişlər. Tarix bu qanları heç vaxt unutmayacaqdır. Gec-tez günahkarlar öz qanlı əməllərinə cavab verməlidirlər!


Zəngilan

 İşğal olunmuşdur  – 1993-cü il 29 oktyabr
 Ərazisi  – 707 kv.km
 Əhalinin sayı  – 35500
 Şəhid olmuşdur  – 191
 Əlil olmuşdur  – 110
 Milli qəhrəmanlar  – 2

 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
 Mədəni-məişət obyekti - 138
 Qəsəbə və kənd  - 81
 Tarixi abidə  - 13

   Zəngilan rayonu – Azərbaycanda inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Rayon şm-qərbdən Ermənistan, C. və C.-q.-dən İranla həmsərhəddir. Sahəsi 707 kv.km. Əhalisi – 35 minə yaxındır. Mərkəzi Zəngilan şəhəridir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 83 kənd və qəsəbə var.
   Təbiəti.  Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşir. Mürəkkəb və parçalanmış səth quruluşuna malikdir. Şm.-q.-dən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçu çayı arasında Ağoyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Şm.-ş.də Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf açılan yamacları təpəli Gəyan (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin ş. kənarı (Bartaz dağı, 2270 m) yerləşir. Yura, Tabaşir və Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, susuzlaşdırılmış soda istehsalı üçün əhəngdaşı. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti iqlim hakimdir. Orta temperatur yanvarda 1°C, İyulda 25.3°C-dir. İllik yağıntı 400-500 mm. Çayları (Həkəri, Oxçu və s.) rayonun c. və ş. sərhədindən axan Araz hövzəsinə aiddir. Düzən və dağ ətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq sahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəmən torpaqları yayılmışdır. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Quru çöl, dağ kserofil bitkiləri, kolluqlar, dağlıq hissədə enli yarpaqlı meşələr (palıd, vələs və s.). Bəsitçayın dərəsində nadir çinar meşəsi (Bəsitçay qoruğu) var.          
   Heyvanları:  cüyür, çöldonuzu, ayı, tülkü və s. var.
   Əhali.  Orta sıxlıq 1 kv.km-də 40 nəfərdir (1979). İri yaşayış məntəqələri Zəngilan şəhəri, şəhər tipli Mincivan qəsəbəsidir.
   Təsərrüfat.  Rayonun əsas təsərrüfatı üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıqdır. Rayonda 5 kolxoz, 9 sovxoz var idi(1979). Kənd təsərrüfatına yararlı torpaqları 33.0 min ha-dır (1978). Bunun 6.3 min ha-ı şum yeri, 4.4 min ha-ı çoxillik bitkilər, 2.7 min ha-ı dincə qoyulmuş torpaqar, 0.3 min ha-ı biçənəklər, 19.3 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 3.9 min ha-dır.5.4 min ha əkin sah.-ni n 46%-ində dənli və dənli paxlalı (əsasən buğda, arpa), 7%-ində texniki (tütün), 2%-ində tərəvəz-bostan bitkiləri və kartof, 45%-ində isə yem bitkiləri əkilirdi(1978). Tütünçülük və üzümçülük inkişaf etdirilirdi Rayonda şərabçılıq sənayesi istehsalat-aqrar birliyi yaradılmışdır. Kolxoz və sovxozlarda 9.9 min-ha üzümlük var idi. 1979 ildə 0.8 min t tütün, 6.6 min t üzüm istehsal edilmişdir. Kolxoz və sovxozlarda 7.3 min qaramal (o cümlədən 1.7 min inək və camış), 21,2 min davar var idi. (1979). Baramaçılıqlı məşğul olunurdu. Rayonda sovxoz-istehsalat birliyi, Respublika dövlət Kənd təsərrüfatı İstehsal-texniki Təminat komitəsinin şöbəsi var idi. Meşə təsərrüfatı yaradılmışdır. Rayonun ərazisində Bakı-Yerevan dəmir yolu (Mincivan-Qafan qolu ayrılır), İmişli-Laçın magistral şose yolu keçir.



20 yanvar faciəsi

   Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.
   Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
   Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
   1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
    Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.
   Bakıya yeridilmiş qoşun kontingentinə,bəzi məlumata görə,onun sayı 60 min nəfərə çatırdı,- "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar".
   Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi.Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri,Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi.4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
   Bütün bunlara baxmayaraq,1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu,Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq,yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
   SSRİ Müdafiə Nazirliyinin,DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı.Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş,600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri,20-dən çox qadın, uşaq var idi.
   Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
   Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular.İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər.Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü,700-dək insan yaralandı,800-dən çox adam qanunsuz həbs edildi.
   Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı.Halbuki,Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki,Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.  
   "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur.100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub,o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.


Mart soyqırımı

   Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.Mündəricat

Tarixi faktlar

   1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.
   9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdir.
   General Talışinski Bakıya gəlmədən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır:

 Hörmətli yoldaş Şaumyan:
 Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik.
 Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.
 Bütün dostalara xoş arzular və salamlar.
 V. Ulyanov (Lenin)


   Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Sovetə qarşı müqavimət göstərməyə başlamışlar. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-ə qədər Bakıda davam etmişdir və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır.
   Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.
   Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi.
   Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

Hadisələrin gedişi

   1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
   Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov Erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər".
   Milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən S. Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə "antisovet qiyamına", "əksinqilaba" qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A. Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.
   Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
   Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər.
S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.
   Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.
   Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
   Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir" Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü.
   Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".

   1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır.

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00
Elektron imza nədir?
30 MAY  |   13:45

SAĞLAMLIQ

Hidrokolonoterapiya nədir?
24 İYUN  |   11:27
Vanil yağının faydaları
23 İYUN  |   11:28

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Gil maskaları dərini təravətləndirir
12 İYUN  |   13:05
Saç tökülməsi və dırnaq qırılmasına qarşı RESEPT
03 İYUN  |   10:58

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1243

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info