
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin (QUPAIB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının qarşısının alınması istiqamətində gənclərin fəaliyyətinin artırılması məqsədi ilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsi uğurla davam edir.
Bmm.az xəbər verir ki, layihə çərçivəsində İsmayıllı rayonunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Kəmalə Məmmədova açıb, bu gün nəinki Azərbaycanda, eləcə də inkişaf etmiş bir sıra dövlətlərdə məişət zorakılığı əleyhinə ciddi mübarizə aparıldığını diqqətə çatdırıb: “Zorakılıqların baş verməsinin əsas səbəbi qadınların cəmiyyətdə hüquqlarını bilməməsi və sözügedən problemə laqeyd yanaşılmasıdır. Zorakılığa, qadın hüquqlarının tapdanmasına qarşı bir çox qanunlar mövcuddur. 1979-cu ildə BMT qadınlara qarşı zorakılığın, hər cür ayrı-seçkiliyin aradan qaldırılmasına aid konvensiya qəbul edib. 1981-ci ildə bu konvensiyaya 21, indiyədək isə 181 ölkə qoşulub. 2010-cu ildə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”un qəbul olunması da bu sahədə dövlət səviyyəsində atılan mühüm bir addım idi”. Daha sonra məişət zorakılığı ilə mübarizə sahəsində ixtisaslaşmış ekspertlərin təcrübəsindən söhbət açılıb, gənclərin məişət zorakılığı ilə bağlı qanunvericiliklə yaxından tanışlığı təmin edilib, eyni zamanda müxtəlif maarifləndirmə materialları paylanılıb. Tədbirdə iştirakçılara məişət zorakılığı baş verən zaman aidiyyatı orqanlara müraciət qaydası öyrədilib, ehtiyacı olanlara yerindəcə hüquqi və psixoloji dəstək verilib.
|