
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən Azərbaycan İnsan Hüquqlarının Müdafiə Mərkəzinin (AİHMM) tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda Azərbaycanın regionlarından olan vətəndaş cəmiyyəti fəalları üçün növbəti, beşinci seminar keçirildi.
BMM.az xəbər verir ki, seminar "BMT-nin və Avropa Şurasının üzvü olan ölkədə ictimai nəzarət" mövzusuna həsr olunmuşdu. Bakı Dövlət Universitetinin professoru d-r Kamil Səlimov dinləyicilərə penitensiar müəssisələr üzərində mövcud dövlət və ictimai nəzarət mexanizmlərinin icmalını təqdim etdi, penitensiar sistem xaricindəki azadlıqdan məhrumetmə yerləri barəsində danışdı. BMT-nin və Avropa Şurasının üzvü olan ölkə qismində Azərbaycanda ictimai nəzarətin xüsusiyyətlərinə böyük diqqət yetirildi.
Qeyd etmək lazımdır ki, hazırkı seminarda bu ilin oktyabrında və dekabrında Şəkidə və Gəncədə keçirilmiş seminarların 20 nəfərdən çox fəal iştirakçısı iştirak etdi.
|