
"İlk hissəyə qorxaq və narahatlıqla başladıq. Bu məğlubiyyət oyunçular üçün faydalı təcrübə oldu".
Qol.az-ın məlumatına görə, bu sözləri "Milan"nın kapitanı Leonardo Bonuççi Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda doğma meydanda "Arsenal"a 0:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
İtaliya mətbuatına danışan təcrübəli futbolçu məğlubiyyətin səbəblərini açıqlayıb:
"Belə oyunlarda adətən ikinci hissədə vəziyyəti dəyişmək çətinləşir. Amma hər şey ola bilərdi. Londonda ikinci yarıdakı oyunumuzu göstərə bilsək, nəticə qazana bilərik. Bu matçda isə "Milan"a cəsarət çatmadı. Fasilədən sonra daha yaxşı oynadıq. Amma bəzi epizodlarda səhvlərə yol verdik. Özüm də adi səhvlər buraxdım. İki sadə epizodda qapımıza qol vurdular. Hansı ki, biz buna mane ola bilərdik".
|