
Milli Kitabxanada MDB-nin XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclası Milli Kitabxananın direktoru Kərim Tahirov açıb. O, iştirakçı ölkələrin nümayəndələrini salamlayaraq kitab sənəti üzrə belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, bu cür müsabiqələr kitab çapı sahəsində təcrübə mübadiləsinə də müsbət təsir göstərir.
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin əməkdaşı Elbəy Əli diqqətə çatdırıb ki, MDB-nin Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının 2018-ci il noyabrın 28-29-də Düşənbədə keçirilmiş iclasında 2019-cu ildə Azərbaycanın Şuraya sədrliyi haqqında qərar qəbul edilib. Sədrlik çərçivəsində XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası Bakıda keçirilir. İclasda iştirak etmək üçün Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistandan nümayəndələr gəlib.
Bildirildi ki, müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan və Türkmənistanın nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün yarışır.
Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanıb. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilib. Münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparıblar.
Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 9 nominasiya üzrə 14 adda kitab təqdim olunub.
Müzakirələr zamanı bildirilib ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunub. Eyni zamanda kitabların dizaynı, mövzusu da nəzərə alınır.
Sonra qalib nəşrlər elan olunub.
Səsvermənin nəticələrinə əsasən, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının nəfis tərtibatlı nəşri (“Şərq Qərb” nəşriyyatı) müsabiqənin Qran-pri mükafatına layiq görülüb. Bununla da ölkəmiz növbəti dəfə bu müsabiqənin baş mükafatını qazanıb.
Bundan əlavə, “Birlik” nominasiyası üzrə “Qara Qarayevin “Yeddi gözəl” baletinin səhnə həyatının tarixi” nəşri (Natalya Dadaşova) I yerə, Mir Cəlalın “Publisistika” və “Ədəbi tənqid” kitabları xüsusi diplomla mükafatlandırılıb.
“Ölkəm” nominasiyasında “Vətənim Azərbaycan” (Aydın Aslanov və Rauf Hüseynzadə - “Şərq-Qərb” nəşriyyatı) kitabı II, “Uşaqlar və gənclər üçün kitab” nominasiyası üzrə “Klassiklərin əsərlərindən seçmələr” (“Renessans – A” nəşriyyatı) kitabı I yerə layiq görülüb. “İllüstrasiya sənəti” nominasiyası üzrə “Yuxunun sehri” (Aytən Yadigarlı), “Mədəni dialoq” üzrə “Dədə Qorqud kitabı” (Vatikan nüsxəsi) ikinci yeri qazanıb.
“Elm və innovasiya” nominasiyasında Əhəd Canəhmədovun “Mühəndisliyin fəlsəfəsi” kitabı I yerə, Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabı isə xüsusi diploma layiq görülüb.
“Məktəbli ədəbiyyatı və təhsil” nominasiyasında Müşfiq Xanın 6-11-ci siniflər üçün “Biologiya” nəşri birinci olub, “Məktəblinin kitabxanası” seriyasından “Koroğlu” və “Dədə Qorqud” kitabları isə xüsusi diploma layiq görülüb. Müsabiqənin “Art kitab” nominasiyası üzrə Çingiz Qacarın “Köhnə Şuşa” kitabı II yeri qazanıb.
Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.
|