
Avqustun 23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır.
AZƏRTAC xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva prosesi izləyir. Sonuncu gündə müsahibələrdə biologiya, fransız dili, texnologiya və təsviri incəsənət müəllimi olmaq istəyən 736 namizədin iştirakı gözlənilir.
Xatırladaq ki, avqustun 19-dan etibarən keçirilən müsahibələrdə indiyədək 2632 namizəd iştirak edib.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.
|