Dərman satışı ilə bağlı mövcud olan cərimələrin daha da artırılması üçün təkliflər paketi hazırlanıb
“Bu gün dərman vasitələrinin satışı ilə bağlı mövcud olan cərimələrin daha da artırılması üçün təkliflər paketi hazırlanıb. Həmin təkliflər paketi müzakirədədir. Əgər qəbul olunarsa orada daha sərt tədbirlər nəzərdə tutulub”. APA-nın xəbərinə görə bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib. Z. İsayev bildirib ki, qiymətlərə tətbiq olunan marjalar həm topdan, həm də pərakəndə satış müəssisələri üçün 20 faiz və getdikcə reqress qaydasında azalan faizlərdən ibarətdir: “Qiymətlərə tətbiq olunan maksimal 20 faizdir. Ancaq dərmanların qiyməti artdıqca tətbiq olunan faizlər aşağı düşür. Dərmanların qiymətləri sosial əhəmiyyət kəsb edən məsələdir. Ona görə də biz dərmanların qiymətlərinin tənzimlənməsindən çox böyük müsbət nəticələr gözləyirik. Birinci, biz hesab edirik ki, dərmanların qiymətlərində əhəmiyyətli enmələr baş verəcək. İkinci, ölkənin bütün ərazisində bütün apteklərdə dərmanların qiyməti eyni olacaq. Üçüncü, vətəndaşların dərman alınması ilə bağlı çəkdiyi xərclərdə əhəmiyyətli dərəcədə azalmalar baş verəcək. Dördüncü, qiymət eyni olduğu üçün sahibkarlar özlərinin mallarının daha çox satılmasına şərait yaratmağa nail olmaq üçün daha keyfiyyətli mal idxal olunmasına meylli olacaqlar. Beşinci, apteklər özlərinə daha çox müştəri cəlb etmək üçün artıq göstərilən xidmətlərin səviyyəsini artırmağa çalışacaqlar. Altıncı, qiymətlər tam şəffaf olduğuna görə istehlakçıların bu qiymətlərə ictimai nəzarət həyata keçirmək imkanları olacaq. Bu isə həm ictimai, həm də dövlət nəzarəti ilə bu sahədə baş verə biləcək neqativ halların operativ qaydada aradan qaldırılmasına imkan verəcək”.

Xəbər 1661 dəfə oxundu.