Şuranın dəstəklədiyi layihə bu dəfə Bərdədə davam edib
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi (QUPAİB) məişət zorakılığının qarşısının alınması istiqamətində gənclərin fəaliyyətinin artırılması məqsədi ilə regionlarda maarifləndirici tədbirləri davam etdirir.
Bmm.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Bərdədə seminar baş tutub. Tədbirdə QUPAİB-in sədri Kəmalə Məmmədova məişət zorakılığı, onun formaları, növləri haqqında danışıb. K.Məmmədova məişət zorakılığının ailədaxili münasibətlərə, uşaqların tərbiyəsinə mənfi təsirindən bəhs edib və erkən nikah, təhsildən yayınma kimi amillərin məhz məişət zorakılığının fəsadları olduğunu bildirib. QUPAİB-in sədri “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu” və onun işləmə mexanizmi barədə ətraflı məlumat verib. Tədbirdə məişət zorakılığına aid maarifləndirici bukletlər paylanılıb, ehtiyac olduğu halda yerlərdə hüquqi və psixoloji yardımlar göstərilib.

Xəbər 1510 dəfə oxundu.