Şuranın dəstəyilə Quba rayonunun Qəçrəş kəndində təlim keçirilib
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Fərdi inkişaf məktəbi” layihəsinin icrasını davam etdirir.
Bmm.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Quba rayonunun turizm məkanı olan Qəçrəş kəndində keçirilib. Tədbirdə İctimai Birliyin sədri Ramin Mahmudov bildirib ki, layihənin əsas məqsədi cənab Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili” çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olmaqdan ibarətdir: “Layihə gənclərin şəxsi potensiallarını, bacarıqlarını, keyfiyyətlərini üzə çıxarmaq, onlarda özünəinam və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə yardım məqsədi daşıyır. Layihə çərçivəsində psixoloji, sosioloji, fəlsəfi mövzularla yanaşı, gənclərdə müxtəlif bacarıqların inkişaf etdirilməsi istiqamətində də təlimlər təşkil olunacaq”. Daha sonra təlimlərə start verilib. Qəçrəş kəndində baş tutan tədbirdə təlimçilər Roman Kərimov və Rəxşəndə Bayramova tərəfindən 20 nəfər iştirakçı gəncə “Komanda işi”, “Uğurlu komandanın xüsusiyyətləri”, “Liderlik”, “Liderin xüsusiyyətləri”, “Liderliyin növləri”, “Fərdi inkişaf və motivasiya”, “Özünüqiymətləndirmə” mövzularında təlimlər keçirilib. İştirakçılara məlumatlandırıcı bukletlər, disklər, xüsusi hazırlanmış geyimlər paylanılıb. Təlimin sonunda onlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Quba rayonunun daha 5 kəndində (Hacıqayıb, Qaraçay, Dağlı, Rustov, Püstəqasım) bu qəbildən olan təlimlər təşkil olunacaq.

Xəbər 3682 dəfə oxundu.