Opera və Balet Teatrında “Bohema” operası nümayiş olunacaq
Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada azərbaycanlı vokalçılarla yanaşı Ukrayna və Belorusdan olan solistlər də iştirak edəcək.
Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belorus Akademik Böyük Opera və Balet teatrının solisti, Belorusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir beloruslu vokalçı Eduard Martınyuk ifa edəcəklər.
Tamaşada Azərbaycanın opera sənətini xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcəklər. Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

Xəbər 1456 dəfə oxundu.