Mirkamil: “Anamın məsələsinə qarışmaq istəmirəm“
Müğənni Mirkamil Kamilov anası Məleykə Kamilovanın vəzifədən uzaqlaşdırılmasına münasibət bildirib. Milli.Az bildirir ki, sənətçi qafqazinfo-ya açıqlamasında bildirib ki, anası öz istəyi ilə işdən çıxıb:
"Ailə problemlərinin mediada işıqlandırılmasını sevmirəm. Həmin məqaləni kimlərin göndərməsi barədə xəbərim yoxdur, bilmirəm. Bəlkə də məqalə müəyyən şəxslər tərəfindən planlaşdırılaraq yazılıb. Çünki anam mövzu ilə bağlı müsahibə verməyib. Məleykə xanımın səhhəti normaldır, min şükür... İşdən çıxmağının səbəbləri odur ki, özü istəyib. Amma istəməyin altında bəzi şərtlər var. Hansı ki, bu məsələ birinci məqalədə işıqlanıb. Bu məsələyə çox da qarışmaq istəmirəm". Qeyd edək ki, Şamaxı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova bir neçə gün əvvəl işdən azad olunmuşdu. Buna səbəb xalq artistinin bacısından rüşvət tələb olunması idi. O isə pulu vermədiyi üçün işindən kənarlaşdırılmışdı.
Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdirini əvəz edən açıqlamasında Rafael Tağızadə Məleykə Kamilovanın öz ərizəsi ilə işdən ayrıldığını bildirmişdi. Məleykə Kamilova açıqlamasında oğlu xəstə olduğuna görə işdən çıxdığını söyləmişdi: "Bəli, mən öz ərizəmə əsasən işdən azad olunmuşam. Oğlum xəstəydi və onu müalicəyə aparacaqdım deyə ərizə yazmışam. Ərizəmi bir ay müddətində geri götürməmişəm və ona görə də işdən azad olunmuşam".

Xəbər 1056 dəfə oxundu.