Şirvan “Araz” zavodunda baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb
İyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.
Bildirilib ki, hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir.
“Bütün bunlara baxmayaraq bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır. Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək”, - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.Partlayış nəticəsində iki nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Xəbər 942 dəfə oxundu.