Yaponiya və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşü olacaq
Yaponiyanın xarici işlər naziri Taro Kono sülh müqaviləsini müzakirə etmək üçün rusiyalı həmkarı Sergey Lavrov ilə yanvarın 14-də Moskvada görüşəcək.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, T.Kono Rusiyaya 5 gün davam edəcək səfərinə yanvarın 12-də çıxacaq.
Bu, Yaponiya və Rusiya xarici işlər nazirlərinin şimal torpaqları məsələsi ilə bağlı sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəkləri ilk görüş olacaq.
Xatırladaq ki, ötən il Yaponiyanın Baş nazir Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin 1956-cı il birgə bəyannaməsi əsasında sülh müqaviləsinin imzlanması barədə danışıqların sürətləndirilməsi barədə razılıq əldə ediblər.
Sənəddə deyilir ki, sülh müqaviləsi imzalandıqdan sonra Rusiya onun nəzarətində olan dörd adadan ikisini Yaponiyaya verəcək.
Yaponiya hökuməti həmin adalara iddialıdır və bildirir ki, ölkənin ayrılmaz tərkib hissəsi olan həmin adalar II Dünya müharibəsi nəticəsində qeyri-qanuni yolla işğal olunub.

Xəbər 993 dəfə oxundu.