Naxçıvanda Gənclər Günü qeyd olunub
Muxtar respublikada gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması dövlətimizin gəncliyə verdiyi önəmin daha bir parlaq göstəricisidir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbul olunması isə bu sahədə görülən işlərin davamı kimi gələcəkdə də gənclərə qayğının üstünlük təşkil edən istiqamət olacağını göstərir.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində həyata keçirilən tədbirlər də uğurla davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən ətraflı bəhs edib.
Vurğulanıb ki, 2018-ci ildə Gənclər Fondu tərəfindən təlim və seminarlar, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı tədbirlər, rayon və şəhər mərkəzlərində film nümayişləri, kitab müzakirələri, tarixi abidələrə ekskursiyalar, ekoloji təmizlik aksiyaları və digər tədbirlər keçirilib.
Çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib.

Xəbər 516 dəfə oxundu.