Məşhur romanın ilk nəşri 580 min dollara satıldı
Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri “Сhristie`s” satış evinin Londonda keçirdiyi hərracda 467,3 min funt sterlinqə (580 min dollara) satılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, satış evi iyulun 9-da keçirilən “Rus ədəbiyyatının qızıl əsri” hərracında ümumilikdə 2,27 milyon funt sterlinq gəlir əldə edildiyini bildirib.
1825-ci ildə Sankt-Peterburqun Xalq Maarifi Departamenti tərəfindən çap olunan roman ilkin qiymətindən üç dəfə baha satılıb.
Nikolay Qoqolun “Dikanka yaxınlığında xutor axşamları” iki cildlik kitabının 1831-1832-ci illərdə çap olunmuş nadir nəşrinin satış qiyməti isə ilkin qiymətini iki dəfə üstələyib.
Londonda keçirilən hərraca ümumilikdə Avropada şəxsi kolleksiyalarda saxlanan 120 nadir çap nümunəsi, o cümlədən Mixail Lermontov, Fyodor Dostoyevski, Lev Tolstoy və digər müəlliflərin əsərləri çıxarılıb.
Rus incəsənətinin nümunələri kolleksiyaçılar arasında ənənəvi populyarlığa malikdir. Belə ki, iyunun əvvəllərində Londonda təşkil olunan və “Christie`s”, “Sotheby`s”, “MacDougall`s”, “Bonhams” satış evlərinin iştirak etdiyi rus incəsənəti nümunələrinin bahar hərracında əldə olunan gəlir 35,74 milyon funt sterlinq (45 milyon dollar) təşkil etmişdi.

Xəbər 84 dəfə oxundu.